Son illər aşağı kalorili pəhrizlərin populyarlaşması ilə bir çox insan yağları zərərli hesab etməyə başlayıb. Halbuki, düzgün seçilmiş yağlar orqanizm üçün həyati əhəmiyyət daşıyır və onların rasiondan çıxarılması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Foodinfo.az BB.lv saytına istinadla xəbər verir ki, mütəxəssislər yağların gündəlik kalorinin təxminən 20–35 faizini təşkil etməli olduğunu bildirirlər. Qeyd olunur ki, xüsusilə faydalı olan mono və poli doymamış yağ turşuları ürək, beyin və sinir sistemi üçün vacibdir, trans yağlardan isə uzaq durmaq lazımdır.
Mütəxəssislərə görə, rasionda yağ çatışmazlığı bir sıra əlamətlərlə özünü göstərə bilər. Ən geniş yayılmış göstəricilərdən biri daimi aclıq hissidir. Çünki yağlar daha gec həzm olunur və uzunmüddətli toxluq yaradır. Onların çatışmazlığı isə tez-tez acmaqla nəticələnir.
Digər əlamət isə davamlı yorğunluqdur. Yağlar orqanizmə uzunmüddətli enerji verir və onların azlığı gün ərzində halsızlıq hissinə səbəb ola bilər. Bundan əlavə, oynaqlarda xırıltı və ağrılar da yağ çatışmazlığı ilə əlaqəli ola bilər, çünki bəzi yağ turşuları iltihabı azaltmağa kömək edir.
Yağ azlığı immun sisteminə də təsir edir. Bu zaman orqanizm yağda həll olan vitaminləri tam mənimsəyə bilmir və nəticədə tez-tez xəstələnmə halları arta bilər. Həmçinin diqqət və yaddaş problemləri də yarana bilər, çünki beyin fəaliyyətində yağların rolu böyükdür.
Dəri və saç sağlamlığı da bu vəziyyətdən təsirlənir. Quru, qabıqlanan dəri, eləcə də saç tökülməsi və zəifləməsi yağ çatışmazlığının əsas əlamətlərindən sayılır. Bundan başqa, hormonal balansın pozulması, xüsusilə qadınlarda menstrual dövrün nizamsızlaşması da bu problemin göstəricisi ola bilər.
Mütəxəssislər sağlam yağların rasiona düzgün daxil edilməsini tövsiyə edirlər. Yağlı balıqların həftədə 1-2 dəfə istehlakı, bitki yağlarından istifadə, qoz-fındıq və toxumların gündəlik qidalanmaya əlavə edilməsi, həmçinin avokadonun menyuya daxil edilməsi sağlamlığın qorunmasına kömək edir.






