Mütəxəssislər bildirirlər ki, yaz aylarında qida rasionuna vitamin və minerallarla zəngin tərəvəzlərin daxil edilməsi xüsusilə vacibdir. Bu dövrdə orqanizmin immun sistemi daha çox dəstəyə ehtiyac duyur.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, nutrisoloq Yekaterina Stasyuk yaz mövsümündə qida rasionunda brokolinin mütləq yer almalı tərəvəzlərdən biri olduğunu bildirib.
Onun sözlərinə görə, brokoli C və B6 vitaminləri, həmçinin maqneziumla zəngindir. Bu tərəvəzin bir porsiyası immun sistemi üçün vacib olan A vitamininin demək olar ki, gündəlik normasını təmin edir. Məhz bu zəngin tərkib sayəsində brokoli yaz mövsümündə aktivləşən virus və bakteriyalara qarşı orqanizmin müdafiəsini gücləndirə bilər.
Mütəxəssis əlavə edib ki, brokoli K vitamini ilə də zəngindir. Bu vitamin sümüklərin möhkəmlənməsinə kömək edir, onların sıxlığını artırır və qırıq riskini azalda bilər.
Bundan başqa, brokoli qida liflərinin ən zəngin mənbələrindən biri hesab olunur. Onun tərkibindəki liflər orqanizmdən toksinlərin, artıq şəkərin, xolesterinin və zərərli maddələrin çıxarılmasına kömək edir. Araşdırmalar göstərir ki, bu tərəvəzin müntəzəm istifadəsi həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və mədə-bağırsaq xəstəliklərinin qarşısının alınmasına dəstək verir.
Nutrisoloq qeyd edir ki, yaz aylarında orqanizmdə bəzi hormonal dəyişikliklər baş verir. Brokolinin tərkibində olan indol-3-karbinol adlı maddə isə xüsusilə qadınların reproduktiv sisteminin normal fəaliyyətinə müsbət təsir göstərir.
Bundan əlavə, brokoli az kalorili pəhriz məhsulu sayılır. Onun 100 qramında cəmi 34 kilokalori var. Yüksək su və lif tərkibi isə uzun müddət toxluq hissi yaradaraq arıqlama prosesinə də kömək edə bilər.






