
Acı bibər təkcə mətbəxdə yeməklərə dad qatan məhsul deyil, həm də sağlamlıq üçün bir çox faydalı xüsusiyyətlərə malikdir. Foodinfo.az bildirir ki, onun tərkibindəki kapsaisin adlı maddə orqanizmə müxtəlif müsbət təsirlər göstərir.
Əvvəlcə qeyd edilməlidir ki, kapsaisin maddəsi qan dövranını sürətləndirir və damarların elastikliyini artırır. Bu, ürək-damar sisteminin sağlamlığını qorumaqda mühüm rol oynayır.
Acı bibər maddələr mübadiləsini sürətləndirərək artıq çəki ilə mübarizədə faydalı hesab olunur. O, orqanizmdə yağ yandırma prosesini gücləndirir və iştahanı müəyyən qədər azalda bilir.
Həkimlərin fikrincə, acı bibərin müntəzəm istifadəsi immun sistemini gücləndirir, soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı müqaviməti artırır. Onun antibakterial xüsusiyyətləri də orqanizmi müxtəlif infeksiyalardan qoruyur.
Bundan əlavə, bu məhsul sinir uclarına təsir edərək ağrını azalda bilər. Məhz buna görə də kapsaisin bəzi ağrıkəsici məlhəmlərin tərkibində istifadə olunur.
Acı bibər həm də həzm sistemini stimullaşdırır, mədədə şirələrin ifrazını artırır və qidanın daha tez həzm olunmasına kömək edir.
Mütəxəssislər qeyd edirlər ki, acı bibərdən normadan artıq istifadə etmək mədə problemləri və qıcıqlanma yarada bilər. Ona görə də faydasından yararlanmaq üçün onu ölçülü şəkildə qəbul etmək məsləhətdir.