Novruz süfrəsində qənnadı məhsulları üstünlük təşkil edir. Lakin onların normadan artıq qəbulu bəzən fəsadlarla nəticələnir. Təsadüfi deyil ki, bayram günlərində yüksək təzyiq, mədə-bağırsaq pozulması, qastrit kimi şikayətlər çoxalır. Buna səbəb isə yağlı yeməklərdən sonra həddindən çox şirniyyatın qəbul edilməsidir. Xroniki ürək-damar çatışmazlığı, şəkərli diabet, arterial hipertenziya və böyrək çatışmazlığı kimi xəstəliklərdən əziyyət çəkən insanlar şəkərbura, badambura, qoğal, paxlava və digər kalorisi olan şirniyyatları qəbul edəndə onlar üçün daha da təhlükəli olur.
Həkim-terapevt Sübhan Hacıyevin dediyinə görə, oruc tutanların bayram şirniyyatından daha az istifadə etməsi məsləhətdir: “14-15 saat ac qalandan sonra iftar zamanı qida qəbul edib üstündən yüksək kilokalorili şirniyyatlar yemək orqanizm üçün çox ciddi fəsadlar yaradır. Hətta mədə-bağırsaq traktını o qədər yükləyir ki, qaraciyər və böyrək filtrasiyası çox zədələnir və nəticədə toksik maddələr orqanizmdən çıxmır, kilo vermək əvəzinə kilo almağa səbəb olur. Mədə-bağırsaqda günlərlə diskomforta, yoğun bağırsaq xəstəliklərinə qədər aparıb çıxarır”.
Qida mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, şəkərli diabet, yüksək təzyiq və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər axşam saatlarında təkcə şirniyyat deyil, ümumiyyətlə, qida qəbul etməməlidirlər: “Novruz şirniyyatlarını yeməklə birlikdə qəbul etmək mədə-bağırsaqda bir çox problemlərə səbəb olur və həmin problemlər bayramdan sonrakı günlərdə də davam edir. Yaxşı olar ki, şirniyyatlar günün birinci yarısında qəbul edilsin və onların hamısı eyni vaxtda yeyilməsin. Günün birinci yarısında qəbul edilən unlu məmulatlar və şirniyyatlar enerjiyə çevrildiyi halda axşam qəbul ediləndə artıq çəki və piylənmə ilə nəticələnir”.
Mütəxəssis qeyd edib ki, gün ərzində orqanizmin şəkər qəbulu norması qadınlarda 20-25, kişilərdə 35 qramdır. Şirniyyat və unlu məmulatların acqarına, yəni yemək əvəzinə qəbul edilməsi də tövsiyə olunmur. Belə halda qanda şəkərin miqdarı qalxa və ya düşə bilər.