
Son illərdə pəhrizlər arasında qida qəbulundan tam imtina etməklə həyata keçirilən “orucvari” metodlar geniş müzakirə olunur. Foodinfo.az Championat.ru-ya istinadla xəbər verir ki, həkim-diyetoloq Mar’yana Jutova bir həftə ərzində yeməkdən imtinanın insan orqanizmində hansı dəyişikliklərə səbəb ola biləcəyini açıqlayıb.
Mütəxəssis bildirib ki, ilk iki gündə orqanizm enerji üçün qaraciyər və əzələlərdə toplanmış qlikogendən istifadə edir. Bu mərhələdə insanda zəiflik, əsəbilik, başgicəllənmə və güclü aclıq hissi müşahidə olunur. 3-4-cü günlərdə isə bədən enerji mənbəyi kimi yağları parçalamağa başlayır və bu proses ketoz adlanır. Ketoz zamanı beyin və toxumalar üçün alternativ yanacaq kimi keton cisimləri istehsal olunur.
Diyetoloqun sözlərinə görə, bəzi insanlarda bu mərhələdə diqqət artımı və aclıq hissinin azalması müşahidə olunsa da, eyni zamanda ağız quruluğu, xoşagəlməz qoxu və ürəkbulanma da baş verə bilər. 5-7-ci günlərdə isə orqanizm əzələ kütləsini qorumağa çalışır və hüceyrələrdə “özünü təmizləmə” prosesi – autofagiya aktivləşir.
“Bəzi iddialara baxmayaraq, bədən üçün əsas detoks mexanizmləri onsuz da qaraciyər və böyrəklərdir. Autofagiya həqiqətən də güclənir, amma onun uzunmüddətli təsirləri hələ tam öyrənilməyib”, – deyə Jutova qeyd edib.
Həkimə görə, yeddi günlük ac qalma orqanizm üçün ciddi risklər də yaradır: əzələ kütləsinin itirilməsi, elektrolit balansının pozulması, immun sisteminin zəifləməsi və xroniki xəstəliklərin kəskinləşməsi mümkündür. Bundan əlavə, psixoloji çətinliklər – qıcıqlanma, narahatlıq, yeməyə qarşı obsesiv düşüncələr də yarana bilər.
Mütəxəssis vurğulayıb ki, bu cür təcrübələr yalnız həkim nəzarəti altında və ciddi tibbi göstərişlər əsasında həyata keçirilməlidir. Əks halda, qida qəbulundan uzunmüddətli imtina sağlamlıq üçün ağır nəticələr doğura bilər.