Miqren milyonlarla insanın həyat keyfiyyətinə mənfi təsir edən xroniki nevroloji xəstəlikdir. Foodinfo.az xəbər verir ki, həkim-nevroloq, professor Olqa Vorobyova bəzi məhsulların migreni birbaşa tətikləyə biləcəyini açıqlayıb.

Onun sözlərinə görə, miqren tutmasının səbəbi təkcə hava şəraiti və ya stress deyil, gündəlik qəbul edilən qidalar da ola bilər. Mütəxəssis qeyd edib ki, şokolad, sitrus meyvələrinin təzə şirələri, müxtəlif növ pendirlər, fındıq və qoz kimi çərəzlər, həmçinin zəif alkoqollu içkilər, xüsusilə də qırmızı şərab migrenin kəskinləşməsinə səbəb ola bilər.

Professor bildirib ki, hətta tibbi ədəbiyyatda “hot-doq miqreni” deyilən anlayış mövcuddur. Bu vəziyyətin səbəbi kolbasa və sosislərdə istifadə edilən rəngləndiricilər və qatqı maddələridir.

Vorobyova əlavə edib ki, miqreni olan insanlar üçün ən vacib addımlardan biri şəxsi qida gündəliyi tutmaqdır. Bu gündəlik sayəsində hansı qidanın hansı vəziyyətdə baş ağrısını gücləndirdiyini izləmək mümkündür.

“Əgər insan müəyyən etsə ki, müəyyən məhsul həmişə tutmanı gücləndirir, həmin qidadan imtina etmək və ya minimuma endirmək lazımdır. Bu, dərmansız profilaktikanın ən effektiv yollarından biridir”, – deyə nevroloq vurğulayıb.

Mütəxəssis həmçinin qeyd edib ki, miqrenin qarşısını almaq üçün düzgün yuxu rejiminə riayət etmək, su balansını qorumaq və stressi idarə etmək də böyük rol oynayır. Sağlam həyat tərzi ilə yanaşı, qidalanmadakı kiçik dəyişikliklər belə xəstəliyin gedişatını yüngülləşdirə bilər.