Ali dərəcəli həkim-terapevt Olqa Aleksandrovanın sözlərinə görə, orqanizmdən zərərli maddələrin xaric olunması təbii prosesdir və bu prosesdə qaraciyər, bağırsaqlar, böyrəklər, ağciyərlər, dəri və immun sistemi fəal iştirak edir. Mütəxəssis vurğulayır ki, sərt pəhrizlərə və şübhəli üsullara əl atmaq əvəzinə, gündəlik qidalanmanı düzgün qurmaq daha təhlükəsiz və səmərəlidir.
Foodinfo.az aif.ru-ya istinadla xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə yarımfabrikatların, qoruyucu maddələrin, süni rəngləyicilərin, spirtli içkilərin və artıq qəhvənin istifadəsi azaldılmalıdır. Qidaların hazırlanmasında buxarda bişirmə, qaynatma və sobada bişirmə kimi yüngül üsullara üstünlük verilməsi məsləhətdir.
Rasionda lifli qidaların payının artırılması bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərəvəzlər, meyvələr, dənli bitkilər və paxlalılar bu baxımdan əsas qida mənbəyi hesab olunur. Gün ərzində beş-altı porsiya tərəvəz və meyvə qəbul etmək tövsiyə edilir.
Mütəxəssis ətin və şəkərin həddindən artıq istifadəsinin də zərərli olduğunu bildirir. Ətin həftədə iki-üç dəfə yeyilməsi kifayət sayılır, şəkərin çoxluğu isə orqanizmdə maddələr mübadiləsini ləngidir.
Kifayət qədər maye qəbulu da mühüm şərtlərdən biridir. Gündə azı iki litr su içilməli, əsas hissəsi günün birinci yarısına düşməlidir. Səhərə bir stəkan limonlu su ilə başlamaq faydalı hesab olunur.
Bundan əlavə, müntəzəm hərəkət və düzgün nəfəsalma qan və limfa dövranını yaxşılaşdırır. Əks göstəriş olmadıqda hamam və ya sauna da dərinin təmizlənmə prosesini sürətləndirir. Mütəxəssisin fikrincə, bu sadə qaydalara əməl etməklə orqanizmin özünü təmizləmə qabiliyyətini gücləndirmək mümkündür.






