Səhər saatlarında qəhvə içmək bir çox insan üçün günə enerjili başlamağın əsas rituallarından biridir. Mütəxəssislər bu vərdişin düzgün şəkildə tətbiq olunmasının sağlamlıq üçün vacib olduğunu bildirirlər. Foodinfo.az Gazeta.ru saytına istinadla xəbər verir ki, qastroenteroloq Tsın Rao acqarına qəhvə içməyin orqanizmə bir sıra mənfi təsirlər göstərə biləcəyini qeyd edib.
Həkimin sözlərinə görə, qəhvə mədə turşusunun ifrazını artırır və bu, boş mədədə selikli qişanın qıcıqlanmasına səbəb ola bilər. Bu vəziyyət xüsusilə mədə yanmasından və reflüks xəstəliyindən əziyyət çəkən insanlar üçün risklidir. Mütəxəssis bildirir ki, qida qəbul edilmədən içilən qəhvə mədə yanması hissini gücləndirə bilər.
Qastroenteroloq həmçinin vurğulayır ki, acqarına qəhvə içildikdə kofein daha sürətlə qana sorulur. Bu da bəzi insanlarda narahatlıq, əsəbilik və ürək döyüntüsünün artması ilə nəticələnə bilər. Onun sözlərinə görə, gündəlik kofein qəbulu 400 milliqramdan artıq olmamalıdır.
Mütəxəssis əlavə edir ki, boş mədəyə qəhvə içmək həzm sistemində diskomfort yarada bilər. Bu zaman köp, spazm, ürəkbulanma və hətta ishal kimi hallar müşahidə oluna bilər. Bundan başqa, qəhvə bağırsaq fəaliyyətini sürətləndirərək ani narahatlığa səbəb ola bilər.
Həkim Tsın Rao bildirir ki, kofein stress hormonu olan kortizolun ifrazını da artıra bilər. Uzunmüddətli perspektivdə bu hal ürək-damar sağlamlığına və sümük möhkəmliyinə mənfi təsir göstərə bilər.
Riskləri azaltmaq üçün mütəxəssis qəhvəni yeməkdən sonra içməyi tövsiyə edir. O, həmçinin tünd qovrulmuş qəhvələrə üstünlük verilməsini məsləhət görür. Xüsusilə hamilə qadınlar və xroniki mədə-bağırsaq problemi olan şəxslər bu məsələdə daha diqqətli olmalıdırlar.






