Ət yeyənlər düzgün qidalanmaya riayət etdikləri təqdirdə vegetarianlardan daha çox yaşayırlar. AzFood.az xəbər verir ki, belə bir fikri “Beşinci Kanal” ilə söhbətində tibb elmləri namizədi, həkim-dietoloq İnna Kononenko səsləndirib. “Orqanizmimizdə hər şey, demək olar ki, zülaldan ibarətdir. Vegetarianlarda zülal çatışmazlığının nəticələri həmişə dərhal görünmür. Yaş artdıqca bu daha çox özünü göstərəcək”, – o bildirib. Kononenko diqqəti bədənin yaşlanmasının iki göstəricisinə çəkib. Birincisi ümumi karotid arteriyada damar divarının qalınlığıdır: qalınlıq çox olduqca, yaşlanma da sürətli olur. Vegetarianlar az xolesterol qəbul etdikləri üçün onlarda bu divarın qalınlığı ət yeyənlərdə olduğundan daha aşağı olacaq. “Ət yeyənlər kifayət qədər B12, D3, K2 vitaminlərini qəbul edərsə, bu divarın qalınlığı artmayacaq”, — həkim vurğulayıb. Yaşlanmanın ikinci göstəricisi mitoxondrilərin fəaliyyətidir. Mütəxəssis onları hüceyrələrin “enerji stansiyaları” adlandırır. “Ət yeyənlərlə müqayisədə vegetarianlarda mitoxondrilər pis işləyir. Bu, ətin mitoxondrilərin işləməsi üçün lazım olan L-karnitinin mənbəyi olması ilə bağlıdır”, – Kononenko bildirib. Onun sözlərinə görə, konkret üzvi birləşmənin yoxluğu zamanı müəyyən zülalın parçalanması və mənimsənilməsi prosesi pozulur ki, bu da saçın, dırnaqların, görmənin, dərinin və damarların vəziyyəti ilə bağlı problemlərə gətirib çıxarır. Dietoloq həm ət yeyənlərə, həm də vegetarianlara vitamin və mikroelementlərin çatışmazlığından qaçmağı tövsiyə edir.