Payız fəsli yaxınlaşdıqca bir çox insan özündə halsızlıq və ruh düşkünlüyü hiss edir. Foodinfo.az xəbər verir ki, Piroqov Universitetinin professoru, psixoterapiya kafedrasının rəhbəri vəzifəsini icra edən Mixail Nekrasov bunun əsas səbəblərindən birinin mövsümi affektiv pozuntu (MAP) olduğunu açıqlayıb.

Mütəxəssis bildirib ki, payızda gün işığının azalması insanın bioloji ritmlərini pozur, melatonin (“yuxu hormonu”) və serotonin (“xoşbəxtlik hormonu”) səviyyəsi aşağı düşür, immunitet zəifləyir. Bu faktorların birləşməsi psixi vəziyyətin pisləşməsinə zəmin yaradır.

Professor Nekrasov mövsümi affektiv pozuntunun bir sıra əlamətlərini də sadalayıb:

davamlı yuxululuq və ya yuxusuzluq;

sevinci təmin edən məşğuliyyətlərə marağın itməsinə;

yorğunluq, kədər və ümidsizlik hissi;

həddindən artıq yemək, xüsusilə şirniyyata meyl və ya əksinə iştahanın azalması;

özünü dəyərsiz və günahkar hiss etmək;

diqqət toplamaqda çətinlik.

Onun sözlərinə görə, bu təsirləri azaltmaq üçün ilk növbədə yatmaq və yemək rejimini normallaşdırmaq, daha çox fiziki aktivliklə məşğul olmaq və açıq havada vaxt keçirmək vacibdir. Hətta buludlu günlərdə belə təmiz havada gəzmək psixoloji vəziyyətə müsbət təsir göstərir.

Daha ağır hallarda isə həkim müayinəsi zəruridir. Mütəxəssis əlavə edib ki, bəzi insanlara “mövsümi relokasiya” – yəni müəyyən müddət daha mülayim iqlimə malik bölgələrə köçmək də kömək edə bilər.