Maşında saxlanılan su sağlamlıq üçün ciddi risk yarada bilər. Foodinfo.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, plastik butulkalar yüksək temperaturun təsirinə məruz qaldıqda suya zərərli maddələr buraxır.

Çin, Nanqin Universitetinin tədqiqatçıları polietilentereftalat (PET) plastik butulkaları 70°C temperaturda dörd həftə saxlayaraq sınaq aparıblar. Nəticədə suya toksik ağır metal—antimon və bisfenol A (BPA) daxil olub. Antimon baş ağrısı, ürəkbulanma və mədə problemlərinə səbəb ola bilər, BPA isə xərçəng, məhsuldarlıq problemləri və ürək-damar xəstəlikləri riskini artırır.

Hətta mülayim hava şəraitində də təhlükə mövcuddur. Xarici temperatur 27°C olduqda, maşın içərisində 20 dəqiqə ərzində temperatur 43°C-ə qədər yüksələ bilər ki, bu da toksinlərin suya keçməsi üçün ideal şərait yaradır.

Alimlər əlavə olaraq mikroplastik təhlükəsinə də diqqət çəkirlər. Analizlər göstərir ki, bir litrlik butulkada orta hesabla 240 000 plastik hissəcik mövcuddur ki, bu, musluk suyu ilə müqayisədə on minlərlə dəfə çoxdur. Ən təhlükəlisi isə 1 mikrometrdən kiçik nanoplastikdir, çünki o, birbaşa qan hüceyrələrinə və beyin toxumasına daxil ola bilər.

Nəticə: Maşında uzun müddət qalan suyu içmək həm kimyəvi, həm də fiziki (mikroplastik) baxımdan təhlükəlidir. Su, həmişə təmiz, sərin və qapalı konteynerdə saxlanılmalıdır.