
Omega-3 yağ turşuları beynin və ürəyin sağlamlığı üçün ən vacib maddələrdən hesab olunur. Foodinfo.az xəbər verir ki, əksəriyyət bu faydalı yağları yalnız balıq məhsullarından əldə etməyin mümkün olduğunu düşünsə də, əslində bitki mənşəli alternativlər də mövcuddur.
Kanadalı qidalanma mütəxəssisi Dr. Navindra Seeram “National Institutes of Health” jurnalına açıqlamasında bildirib ki, çia toxumu, kətan toxumu, qoz və soya da mühüm Omega-3 mənbəyidir: “Balıq yeməyənlər belə bu yağ turşularını rasionlarına rahatlıqla daxil edə bilərlər”.
Araşdırmalar göstərir ki, Omega-3 ürək-damar xəstəliklərinin riskini azaldır, yaddaşı gücləndirir və iltihab əleyhinə təsir göstərir. Uşaqlarda isə beyin inkişafına müsbət təsir edir.
Mütəxəssislər balanslı pəhriz üçün həftədə ən azı 2 dəfə balıq yeməyi və gündəlik qidalanmaya qoz-fındıq, toxumlar kimi bitki mənşəli Omega-3 mənbələri əlavə etməyi tövsiyə edirlər.