Ət yeməkləri bir çox mətbəxin ayrılmaz hissəsidir, lakin porsiyanın miqdarı sağlamlıq baxımından həlledici əhəmiyyət daşıyır. Foodinfo.az xəbər verir ki, qırmızı və emal olunmuş ətlərin həddindən artıq istifadəsi ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri ilə əlaqələndirilir.

Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupunun üzvü Dr. Dariush Mozaffarian “The New York Times”a verdiyi açıqlamada bildirib ki, yetkin bir insan üçün gündəlik ət porsiyası 70–90 qramdan artıq olmamalıdır. Onun sözlərinə görə, ətin miqdarı azaldılmalı, menyuda daha çox tərəvəz və paxlalılara yer ayrılmalıdır.

Mozaffarian qeyd edib ki, xüsusən emal olunmuş kolbasa və sosis kimi məhsulların istehlakı minimuma endirilməlidir, çünki onların tərkibindəki konservantlar və duz uzunmüddətli sağlamlıq riskləri yaradır.

Amerika Ürək Assosiasiyası da oxşar tövsiyə verir: həftədə ən azı bir neçə dəfə qırmızı ət əvəzinə balıq və toyuq seçilməlidir.

Ekspertlər hesab edirlər ki, sağlam porsiya nəinki xəstəliklərin qarşısını almağa kömək edir, həm də həzm sistemini yükləmir. Bu səbəbdən ət istehlakında miqdara ciddi diqqət yetirmək vacibdir.