Marketlərdə enerji içkilərinin və ya bəzi bioloji aktiv əlavələrin tərkibində “yaşıl qəhvə ekstraktı” ifadəsinə rast gəlmək olar. Foodinfo.az bildirir ki, yaşıl qəhvə adlanan məhsul əslində qovrulmamış, təbii yaşıl çalarlı qəhvə dənələridir.

Adətən qəhvənin dad və ətirini formalaşdıran əsas mərhələ qovrulma prosesidir. Məhz bu səbəbdən yaşıl, yəni çiy halda olan dənələrdən klassik qəhvə ləzzətini gözləmək olmaz. Onların dadı daha çox çay ab-havasını xatırladır və qəhvə həvəskarlarının öyrəşdiyi zəngin aromatik xüsusiyyətlərdən uzaqdır.

Yaşıl qəhvə dənələri əsasən ixracatçılar və qovurucular tərəfindən alınıb, xüsusi avadanlıqlarda qovrulduqdan sonra istifadə üçün təqdim olunur. Qovrulmamış halda bu dənələr daha uzun müddət saxlanıla bilir, lakin qəhvə maşınlarında üyüdülməsi və dəmlənməsi üçün yararlı deyil. Bu səbəbdən onları adətən bütöv şəkildə suda qaynadaraq və ya dəmləyərək sınayanlar olur.

Mütəxəssislər bildirirlər ki, yaşıl qəhvə dənələri qovrulmadığı üçün yüksək miqdarda xlorogen turşusu saxlayır. Bu maddənin qan şəkərinin tənzimlənməsinə və orqanizmin metabolik proseslərinə müsbət təsir göstərə biləcəyi barədə elmi araşdırmalar var. Elə buna görə də yaşıl qəhvədən hazırlanan əlavələr son illər populyarlıq qazanıb.

Bununla belə, mütəxəssislər xəbərdarlıq edir ki, yaşıl qəhvənin sağlamlığa təsiri hələ tam öyrənilməyib və onu həddindən artıq qəbul etmək məsləhət görülmür. Ən təhlükəsiz yol isə bu məhsulu kapsul və ya ekstrakt formasında, keyfiyyətinə zəmanət verilən əlavələr şəklində sınamaqdır.