Milli dəyərlərimiz içərisində özünəməxsus yer tutan ənənələrdən biri qonaqpərvərlikdir. Adətə görə, evə gələn qonağı qarşılayarkən hörmət əlaməti olaraq əvvəlcə çay təklif edilir. Diqqət etsəniz, azərbaycanlıların bir çox qonaqlıq məclisləri çay ilə başlayıb, elə çay ilə də bitir.
Amma dünyada sudan sonra ən çox istehlak edilən içki növü kimi çayın da zərərləri az deyil. Beş minillik tarixi olan çayın yaranmasını böyük Çin imperatoru Shen Nunginin adı ilə əlaqələndirirlər. Çayın faydaları və zərərləri barədə bir çox iddialar, araşdırmalar aparılıb.
Çayın isti halda içilməsinin doğru olduğunu deyənlər də var, əksini iddia edənlər də. Kardioloq Oleq Varfolomoyev təcrübələrinə əsaslanaraq, çayın əsəb sistemini sakitləşdirdiyini deyib. Çay antioksidant təsiri ilə ürək sağlamlığına faydalıdır, eləcə də təzyiqi normallaşdıra bilir. Onun fikrincə, çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanmasının qarşısını alır.
Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlər ürək xəstəliyi və insultdan əziyyət çəkmirlər. Amma çayı normasında və qaydasında içmək lazımdır. Gündə yaxşı dəmlənmiş 3 fincan çay ürək-beyin xəstəliklərini 24 faiz azaldır.
Bir qrup alim isə tünd çayın, müntəzəm olaraq çay istehlakının orqanizmə faydasından çox ziyanı olduğunu vurğulayırlar. Üstəlik, əgər həmin çay qaynar və tünddürsə onun zərəri ikiqat artır.
Buna görə də, mütəxəssislər çayı qaynar yox, ilıq halda içməyi məsləhət görürlər. Həm də gün ərzində iki dəfədən çox çay içmək tövsiyə edilmir. Türkiyəli qida mütəxəssisi Vedat Görel isti içkilərin qaynar içildiyi zaman (çay, kofe, süd və s.) qırtlaq və yemək borusu xərçənginə səbəb olduğunu deyib. Çində 456 min insan, Amerikada isə 50 mindən çox insan arasında araşdırma aparılıb. İllərlə izlənən bu insanların 65 dərəcə və yuxarı temperaturda olan isti içkilər qəbul etmələrinin yemək borusu xərçəngi riskini artırdığı sübut olunub. Onun sözlərinə görə, mütəmadi olaraq isti içkilərin 65 dərəcədən yuxarı temperaturda istehlak edilməsi qida borusunu aşındırır və törəmə yaradır.