Macarıstanda öz çəkilərinə nəzarət etmək istəyən şəxslər üçün nəzərdə tutulan qida əlavələrinin keyfiyyəti sarıdan vəziyyət pisləşib.
AZƏRTAC xəbər verir ki, bu ölkədə kontrafaksiyaya (saxta mallara) qarşı mübarizə üzrə Milli şuranın müşahidələrinə görə, saxta qida əlavələrinin miqdarı 40 faiz artıb.
Qeyd etmək lazımdır ki, qida əlavələrinə, xüsusən 18-22 yaşlı əhali arasında tələbat daim artır. 2018-ci ildə bu yaş qrupuna aid insanların 13 faizi belə preparatları qəbul edirdisə, 2019-cu ildə bu göstərici 18 faizə çatıb.
Çəki ilə bağlı problemləri olan insanlar üçün arıqlamaqdan ötrü nəzərdə tutulan bəzi məhsullar, düzgün qidalanma və fiziki hərəkətlər problemin həlli ola bilər. Lakin pəhriz məhsullarının böyük əksəriyyəti Avropa İttifaqında mövcud praktikaya uyğun olaraq satışdan əvvəl testləşdirmə prosesindən keçməyən qida əlavələridir. Buna görə də həmin məhsullar kontrafakt hesab edilir. Onlardan istifadə edilməsinin orqanizmə təsirinin nə ilə nəticələnəcəyini heç kəs deyə bilməz. Buna görə də diyetoloqlar ciddi narahatlıq keçirir və gənclərə xəbərdarlıq edirlər ki, yoxlanılmamış qida əlavələrinə aludə olmasınlar.