
Yay aylarında sərinləyici içki kimi təqdim edilən soyuq çaylar tez-tez istehlak edilir. Foodinfo.az bildirir ki, bu məhsulların əksəriyyətində şəkər, konservant və süni dadlandırıcıların miqdarı normanı aşır. Etiketlərdə göstərilən "təbii ekstraktlı" ifadələri əslində minimal miqdarda çay yarpağı istifadəsinə işarə edir.
Əvəzində, məhsulun əsas hissəsini şəkərli siroplar və ətirvericilər təşkil edir. Bu cür içkilərin müntəzəm istifadəsi artıq çəki, diabet və mədə turşuluğu kimi problemlərə yol aça bilər. Bəzi hallarda tərkibdə kofein də mövcuddur ki, bu da uşaq və yeniyetmələr üçün əlavə risk yaradır.
Təəssüf ki, istehlakçılar reklamların təsiri ilə bu içkiləri təbii hesab edirlər. Əslində isə, evdə dəmlənmiş və soyudulmuş çaylar sağlamlıq baxımından daha üstündür. Etiket oxumaq və tərkibi anlamaq istehlakçının hüququ və vəzifəsidir.