
Azərbaycan mətbəxində geniş istifadə olunan sumağın sağlamlığa saysız faydaları var. Foodinfo.az bildirir ki, bu ədviyyat antioksidant tərkibi ilə immuniteti gücləndirir, iltihabı azaldır və həzm sistemini dəstəkləyir.
İtaliyalı fitoterapevt Dr. Giulia Rinaldi “La Repubblica Salute” qəzetinə verdiyi müsahibəsində bildirib ki, sumaq tərkibindəki polifenollar sayəsində hüceyrələri oksidləşdirici stresdən qoruyur və erkən yaşlanmanın qarşısını alır. Onun sözlərinə görə, sumaq maddələr mübadiləsini tənzimləyir və xüsusilə yağlı yeməklərlə birlikdə istifadə edildikdə həzmi yüngülləşdirir.
Tədqiqatlar göstərir ki, sumaqın antibakterial və antifungal təsiri də var. Bu səbəbdən, soyuqdəymə zamanı hazırlanan isti içkilərə az miqdarda əlavə edilməsi bədənin müqavimətini artırır.
Sumaq C vitamini ilə zəngin olduğu üçün dəri sağlamlığını da dəstəkləyir və iltihabi problemlərin azalmasına yardımçı olur. Eyni zamanda, bu ədviyyatın qan şəkərinə nəzarətdə də rol oynadığı bildirilir.
Mütəxəssislər sumağın təbii və qatqısız formasının gündəlik mətbəxdə istifadə olunmasını tövsiyə edirlər. Ət, balıq, tərəvəz yeməklərində həm dad artırıcı, həm də sağlamlıq dəstəkləyici komponent kimi faydalıdır.