
Təbii şəraitdə yetişən giləmeyvələr sağlamlıq üçün daha faydalıdır. Foodinfo.az bildirir ki, bu barədə dietoloq, tibb elmləri namizədi və estetik təbabət üzrə mütəxəssis Marqarita Koroleva açıqlama verib. Mütəxəssis Radio 1-ə müsahibəsində bildirib ki, bağırsaq sağlamlığı yaxşı olan insanlar üçün kimyəvi maddəsiz yetişdirilən giləmeyvə və meyvələr çox dəyərlidir.
Onun sözlərinə görə, bioflavonoidlər, vitaminlər və minerallarla zəngin giləmeyvələr orqanizm üçün vacib komponentlərdir. Koroleva qeyd edib ki, bəzi giləmeyvələr süni kimyəvi maddələrlə yetişdirildiyi üçün alarkən məhsulun mənşəyi və sertifikatına diqqət yetirilməlidir.
Mütəxəssis vurğulayıb ki, çox vaxt ən gözəl görünən giləmeyvələr dad baxımından zəif olur. Əsl faydalı və təbii giləmeyvələr isə adətən daha kiçik ölçülü və şirin olur. Koroleva sağlamlıq üçün gün ərzində yeməklər arasında iki ovuc müxtəlif növ giləmeyvə yeməyi tövsiyə edir.
Onun fikrincə, bu vərdiş immuniteti gücləndirmək və orqanizmi antioksidantlarla təmin etmək üçün faydalıdır. Ekspert qeyd edib ki, giləmeyvə pəhriz saxlayanlar üçün də əla seçimdir. Lakin o, giləmeyvənin tam yemək əvəzi olmadığını və əsas qidalanma rejiminin pozulmamasını məsləhət görüb.