Düzgün təşkil olunan qidalanma sağlam həyat tərzinin tərkib hissəsidir. Hər yaşda olduğu kimi yaşlı insanlarda da doğru və balanslı qidalanma sağlamlığın qorunma və inkişafı üçün çox vacibdir. Yaşı 60-dan yuxarı olanlar gündə dörd-beş dəfə qida qəbul etməlidir, çünki az qidalanma orqanizmdə enerjini azaldır, bu da qida rasionunda balans pozğunluğu yaradaraq ciddi sağlamlıq problemlərinə səbəb olur.
Həkim-endokrinoloq Gülay Məmmədova deyib: “Yaş artdıqca qidalanmaya ona görə fikir verməliyik ki, yaşla əlaqədar olaraq fizioloji olaraq zəifləmənin müddəti ilə maddələr mübadiləsinin zəifləməsi bir az uzansın. Müəyyən yaşdan sonra qidalanmaya ona görə fikir vermək lazımdır ki, yaş artdıqca oturaq həyat tərzi güclənir, əvvəlki aktivlik itir, hərəkətlər azalır, damar və ayaq problemləri ilə əlaqədar həm immun sistemi, həm də xəstəliklərlə mübarizə baxımından düzgün qidalanmanı gözləmək lazım gəlir”.
Tədqiqatlar sübut edir ki, xüsusən də yaşlılarda yanlış qidalanma demək olar ki, bir çox xəstəliklərin ciddi şəkildə güclənməsi ilə nəticələnir.
Həkim-diyetoloq Ləman Süleymanova bildirib: “Elmi tədqiqatlar zamanı belə bir qənaətə gəliblər ki, ahıl yaşda olanlar gündəlik rasionlarında sağlam qidaları qəbul etmək yolu ilə sağlam həyat, ağrı-acısız və uzun ömür sürə bilərlər. Yaşlılar pəhriz saxlayarkən çox ciddi nəzarət altında olmalıdırlar, çünki onlarda enerji ehtiyatlarının azalması immun sisteminin zəifləməsinə və bir sıra xəstəliklərin baş qaldırmasına səbəb olur”.
Yaş dövrlərində heyvan və bitki məhsulları arasındakı nisbət dəyişir. Yaşlıların qida rasionunda daha çox meyvə-tərəvəzlərə üstünlük verilməlidr. Həmin dövrdə qidalanma həyat keyfiyyətini artırmaq üçün vacibdir. Onların pəhrizində enerjiyə olan tələbat qidalanma vərdişləri, xəstəlikləri, həyat tərzi, fiziki fəaliyyət səviyyəsi və istifadə etdikləri dərmanlar nəzərə alınmalıdır.
Həkim-diyetoloqun dediyinə görə, 60 yaşdan yuxarı olanlar yavaş-yavaş rasionda şəkər, duz və heyvani yağları azaltmalıdırlar. Onların gündəlik qida rasionlarında bitki mənşəli yağlar, dəmir, kalsium, kalium, maqnezium və sinklə zəngin olan qidalar əsas yer tutmalıdır.
Sağlamlığın qorunması hər yaş dövründə vacibdir və bunun üçün düzgün qidalanma, fiziki hərəkət və sağlam həyat tərzi seçilməlidir.