Həmişəyaşıl zeytun uzunömürlü və quraqlığa davamlı ağacdır. Onun kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyinə görə quraqlıq bölgələrdə bitir. Foodinfo.az Azərtac-a istinadən xəbər verir ki, qədim misirlilər və yunanlar zeytunu mifik bir ağac kimi göydən endiyinə inanırdılar. Müalicəvi xüsusiyyətlərini bildiklərinə görə hazırladıqları bütün məlhəm və dərmanların əsasını zeytundan alınan yağ və ya digər məhsullar təşkil edirdi. Hippokrat su olmayan yerlərdə onun əvəzinə zeytun yağından istifadə etməyi məsləhət görürdü. Zeytunun yağı qədim şərq qadınları üçün saç maskası, qədim Hindistanda isə ətir və məlhəm rolunu oynayırdı. Texniki məqsədlər üçün də istifadə olunan zeytun yağı ilə brilyant qaşlara xüsusi parıltı verirdilər. Ağacların oduncağından hökmdarlar üçün əsa hazırlanır, onun budaq və yarpaqlarından hazırlanmış çələnglər təklif edilir, yağı ilə dəriyə qulluq olunur, məbədlər və müqəddəs yerlər həmin yağla işıqlandırılırdı. Müalicəvi əhəmiyyət daşıyan zeytun plantasiyalarının çox olduğu ölkələrdə ürək-damar xəstəliklərinə az rast gəlinir. Zeytundan alınan yağ, hazırlanan turşu və konservlər çox xeyirlidir. Zeytun yağının insan orqanizmi üçün faydası çoxdur: immuniteti artırır və bəzi xəstəliklərin qarşısının alınmasına kömək edir. Uşaqlarda sümük sisteminin formalaşmasında, yaşlılarda isə sümük əriməsinin qarşısının alınmasına kömək edir. Mədə- bağırsaq sistemində yara və xoraların sağalmasına çox müsbət təsir göstərir, kiçik ölçülü böyrək daşlarının orqanizmdən xaric olunmasında çox səmərəli təsirə malikdir. Gün ərzində 8-10 ədəd duza qoyulmuş zeytun yemək, yaxud 1 və ay 2 xörək qaşığı zeytun yağını suya qatıb içməklə çox yaxşı nəticələr əldə etmək olar. Onun qəbulu həm də ödqovucu təsir göstərir. Zeytun meyvələri göy halda və ya tam bioloji yetişmə dövründə yığılır. Tam yetişmiş meyvələrin qida dəyəri daha yüksəkdir. Onların tərkibindəki yağın miqdarı 65-75 faizə çatır. Zeytunun tərkibindəki yağların əksəriyyəti doymamış yağlardır. Tərkibində bədən üçün zəruri olan Omeqa-6 ötürücüsü var. Ehtiva etdiyi antioksidantlar sayəsində bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri təzələyir, onlara zərər verən və qocaldan, sərbəst radikallara təsir edən E vitamini ilə zəngin olduğuna görə toxuma və orqanların yaşlanmasını ləngidir, dərini təravətli saxlayır və qırışların yaranmasının qarşısını alır.