
Mütəxəssislər səhərin ilk saatlarında düzgün qidalanmanın bütün gün üçün enerji və sağlamlıq baxımından həlledici olduğunu vurğulayırlar. Foodinfo.az xəbər verir ki, Fransalı dietoloq Dr. Jean-Michel Cohen “Le Monde” qəzetinə açıqlamasında günə meyvə ilə başlamağın həm maddələr mübadiləsi, həm də beyin fəaliyyəti üçün çox faydalı olduğunu deyib.
Onun sözlərinə görə, səhər yeyilən meyvələrdəki təbii şəkərlər və liflər orqanizmə yüngül, amma sürətli enerji verir. Bu isə qəhvə və şirin desertlərdən fərqli olaraq qan şəkərini kəskin artırmır və gün ərzində enerjinin bərabər paylanmasını təmin edir. “Xüsusilə portağal, alma və giləmeyvələr səhər yeməyində ən ideal seçimlərdir”, – deyə Cohen vurğulayıb.
Mütəxəssis qeyd edib ki, meyvələrdə olan vitaminlər (C, A və B qrupu) həm immuniteti möhkəmləndirir, həm də sinir sistemini dəstəkləyir. Səhər yeyilən meyvə gün ərzində diqqətin və yaddaşın daha yaxşı işləməsinə kömək edir.
Dr. Cohen əlavə edib ki, meyvəni səhər aclıqla qəbul etmək həzm prosesini də asanlaşdırır, çünki bu zaman orqanizm lifləri daha yaxşı mənimsəyir. O, insanlara səhər yeməyini yoqurt və ya yulafla birlikdə təzə meyvələrlə zənginləşdirməyi məsləhət görür.