Rusiya və Çin alimləri yırtılmağa davamlı qablaşdırma plyonkasının istehsalında irəliləyiş əldə ediblər. 

Foodinfo.az xəbər verir ki, onlar birlikdə ağcaqayın ağacından plyonka (örtük) hazırlayıblar. Bu plyonka təbiəti plastikdən xilas etməyə kömək edəcək.

Belə ki, alimlər ağcaqayın ağacının hüceyrə divarlarından əldə edilən polisaxarid ksilandan istifadə etdilər. Ksilandan olan möhkəm plyonkaları hazırlamaq üçün məhlulun tərkibinə liqnin əlavə olunub. Alimlər ağcaqayın ağacından əldə olunan ksilanın xüsusiyyətlərini araşdıraraq, kristallaşma zamanı plyonkanın çatlamasının qarşısını almaq üçün üsuldan istifadə ediblər. Bitkilərdə olan liqnin molekulların yığılmasının qarşısını alır və miqdarı 9%-dən çox olarsa, kristallaşmanı azaldır. Beləliklə ksilana əlavə edildikdə də onun kristallaşmasının qarşısını alır və plyonkanın möhkəmliyini təmin edir.

Mərkəzdən verilən məlumata görə, qablaşdırma plyonkasının bu üsulla istehsalı ekoloji cəhətdən təmizdir və bitki xammalının istifadəsinə əsaslanır. Bu plyonkalar qida, əczaçılıq və biotexnologiya sənayesində istifadə edilə bilər. Bura qida qablaşdırması, dərman qablaşdırması, eləcə də pestisidlərin və gübrələrin nəzarət altında saxlanılması da daxildir.

Nərmin