Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2022-ci ilin sentyabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli sentyabrın 12-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Foodinfo.az xəbər verir ki, qəbuldan əvvəl Qoşqar Təhməzli və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər. Qəbulda vətəndaşların müraciətləri dinlənilib, ərizə və şikayətlərinə baxılıb. Qeyd edək ki, vətəndaşların müraciətləri, əsasən, Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı olub. Müraciətlərin bir qismi yerində həll olunub, bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb, Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) qeyd olunan regionlar üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə baxılıb.