" Mədə xəstəlikləri istənilən yaşda, hətta ciddi diyet saxlanılsa belə, rast gəlinə biləcək bir problemdir. Çünki bizdən asılı olan və olmayan səbəbləri çoxdur.
Mədə xəstəliyi insanda əsasən köp, mədədə yanma hissi, həzmsizlik müşahidə olunur. Bəzi əlamətlər var ki, çox diqqətli olmaq lazımdır. 40 yaşdan yuxarı şəxslərin mədəsində köp, ağrı, ürəkbulanma uzun zaman davam etdiyi təqdirdə həkimə müraciət olunmadan dərman vasitələrini qəbul etmək doğru deyil. İştahasızlıq, çəki itirmə, ürəkbulanma mədə xərçənginin ilkin əlamətləri ola bilər".
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədovun Azərbaycanda böyüklərdə və uşaqlarda mədə xəstəliklərinin səbəblərini açıqlayıb.
" Gündəlik müraciət edən xəstələrin demək olar ki, 50 faizdən çoxu məhz stres-əsəb pozuntularına bağlı olan şikayətli xəstələrdir. Stres həzm sisteminə birbaşa təsir göstərir. Hətta bunun öyrənilməsi məqsədilə neyroqastroenterologiya adlı yeni elm sahəsi yaranıb. Güclü stresdən hətta mədə xorası yarana bilər.
Xüsusilə pandemiyadan sonra bu nevroloji vəziyyətlə əlaqəli mədə-bağırsaq şikayətli müraciətlər ciddi artıb.
Streslə bağlı bağırsaq xəstəlik olan qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkən insanların əksəriyyətində qəbizlik, ishal və ya hər ikisi birgə müşahidə olunur. Aparılan son elmi tədqiqatlar sübut edib ki, mədə-bağırsaqlarda yerləşən milyardlarla mikrob bizim nevroloji vəziyyətimizə və hətta davranışlarımıza təsir edə bilər.
Bu xəstəliklərdən əziyyət çəkən insanların qidalanmasında bəzi vacib məqamları qeyd etmək istərdim. Məlumdur ki, yay fəslində mədə bağırsaq infeksiyaları və qida zəhərlənmələri artır. Xüsusilə mədə turşuluğunu azaldan dərmanlar qəbul edən şəxslərə dərman dozalarını azaltmağı tövsiyə edirəm. Çünki mədə turşuluğu bizi ətrafdan zərərli mikrob və maddələrin orqanizmə daxil olmasının qarşısını alır.
Bundan başqa, reflüks və ishaldan əziyyət çəkən insanlara süd, kofeinli və energetik içkilərdən imtina etmələrini məsləhət görürük.
Ən çox zərərli insanlar arasında yayılan vərdişlərdən biri də sarımsaq udmaqdır. Sarımsaq çox güclü aşındırıcı bir qida olaraq onikibarmaq bağırsağın qanamasına və kəskin reaktiv qastritə səbəb ola bilər.
Uşaqlarda ağız qoxusunun əsas səbəbi şəkərli qidaların həddindən artıq qəbuludur.
Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürəkbulanma və qusma hallarına tez-tez rast gəlinir. Bu da həzm sisteminə ciddi şəkildə mənfi təsir göstərir. Bundan əlavə, hazırlanan qidalar düzgün saxlanılmadıqda və boyat olduqda, xüsusilə yay aylarında, kəskin qastroduodenit, yəni, qusma və ishalla nəticələnmə ola bilər.
Yay aylarında və bayram günlərində vətəndaşlara tərəvəzlərlə zəngin qidalanmağı və çətin həzm olunan ət yeməklərini azaltmağı tövsiyə edirəm".