2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,4 milyard manatlıq, o cümlədən 22,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,7 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Foodinfo.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 %, qeyri-ərzaq malları üzrə 3,6 % artıb. 2022-ci ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 %-i ərzaq məhsullarının, 4,6 %-i içkilər və tütün məmulatlarının, 14 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 %-i avtomobil benzini və dizel yanacağının, 5 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,9 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 2022-ci ilin yanvar-oktyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ini təşkil edib. 2021-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,4 %, fərdi sahibkarlar üzrə 2,1 %, bazar və yarmarkalarda 4,0 % artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 401,5 manatlıq, o cümlədən 225,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 175,9 manatlıq qeyri-ərzaq malları alıb.