B12 vitamini bədən üçün vacib olan və xüsusilə sinir sistemi, qan hüceyrələrinin istehsalı və DNT sintezində əhəmiyyətli rol oynayan bir vitamindir. Foodinfo.az xəbər verir ki, bu vitamini bədən özü istehsal edə bilmir, buna görə də qidalar və ya əlavələr vasitəsilə qəbul edilməlidir. B12 vitamini əsasən heyvan mənşəli qidalarda olur və onun çatışmazlığı müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
Bu vitaminlə zəngin qidaların başında qırmızı ət (mal və qoyun əti) gəlir. Xüsusilə qaraciyər B12 baxımından ən zəngin mənbələrdən biridir. Balıq növlərindən losos, tuna, skumbriya və sardina həm B12, həm də omeqa-3 yağ turşuları ilə zəngindir. Dəniz məhsulları arasında isə xərçəng və midye ən yaxşı mənbələrdəndir.
Quş əti, xüsusilə toyuq və hinduşka da yaxşı B12 qaynağıdır. Yumurtanın sarısı və süd məhsulları – pendir, qatıq və süd – həm B12, həm də digər vacib vitaminlər və minerallar təmin edir.
B12 çatışmazlığı sinir sistemi pozğunluqları, yaddaş problemləri, yorğunluq və anemiyaya səbəb ola bilər. Bu səbəbdən B12 ilə zəngin qidaları müntəzəm olaraq qidalanmaya daxil etmək vacibdir. Veganlar və ya B12 əksikliyi riski olanlar həkim məsləhəti ilə B12 əlavələrindən də istifadə edə bilərlər.
Sağlam bir həyat üçün bu vacib vitaminin balanslı şəkildə qəbul edilməsi önəmlidir.