Bakıda Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiyanın (IPPC - International Plant Protection Convention) Avropa və Mərkəzi Asiya üçün “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbiri bu gün öz işini yekunlaşdırır.
Foodinfo.az xəbər verir ki, üç gün davam edən tədbirin ilk günündə “Meyvə milçəklərindən azad zonaların müəyyən edilməsi (Tephritidae)”, bu zonaları müəyyən etmək üçün mövcud məlumatların qiymətləndirilməsinin meyarları”, “2022 ISPM 5-ə düzəlişlər (Fitosanitar terminlərin lüğəti) (1994-001)”, “ISPM 18-ə yenidən baxılması (Fitosanitar tədbir kimi şüalanmanın istifadəsi üzrə təlimat) (2014-007)”, “ISPM 4-ə yenidən baxılması (Zərərvericilərdən azad zonaların yaradılmasına dair tələblər) (2009-002)”, “Xüsusi idxal icazələrinin istifadəsi (ISPM 20-yə Əlavə: Fitosanitar idxalın tənzimlənməsi sistemi üçün təlimatlar) (2008-006)” dair məlumatlar görüş iştirakçılarına təqdim olunub.
Tədbirin ikinci günü FAO-nun regional fitosanitar potensialının inkişafı üzrə fəaliyyəti, EPPO-nun fəaliyyəti, zərərvericilərin aşkarlanması, yayılması və kütləvi çoxalması üzrə xəbərdarlıq sistemi (FAW və Fusarium TR4 halları), fitosanitar bacarıqların qiymətləndirilməsinin faydaları və son nailiyyətlər, həmçinin region üçün maraq doğuran digər mövzular ətrafında müzakirələr aparılıb.
Tədbirin son günü “IPPC Əmtəəyə spesifik standartlar: başlanğıc və perspektivlər” “Tətbiqin Nəzərdən keçirilməsi və Dəstək Sistemi (IRSS)”, eləcə də “Mövzular üçün 2023 IPPC Çağırışında yeniləmə: Standartlar və Tətbiq” mövzularında təqdimatlar nümayiş etdirilib.
Qeyd edək ki, tədbirin təşkilatçıları BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Proqramının Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi (FAO-REU), Avropa və Aralıq dənizi Bitki Mühafizəsi Təşkilatı (EPPO) və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Tədbirin keçirilməsində əsas məqsəd fitosanitar tədbirlər üzrə beynəlxalq standartların layihələrinin təhlili, onlara dair şərhlərin formalaşdırılması və təqdim edilməsi, 2023-cü il üçün mövzular üzrə çağırış, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya haqqında məlumatların artırılması və regional səviyyədə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.
[gallery ids="50076,50077,50078"]