Rusiya alimləri ən təhlükəli şiş növü olan qliomanı artıq  qan analizi ilə müəyyən etməyi öyrəniblər. Qlioma kimi tanınan aqressiv beyin şişlərini aşkar etmək üçün yeni üsul Tomsk Dövlət Universitetinin alimləri tərəfindən hazırlanıb. Tədqiqatçılar şiş çıxarıldıqdan sonra ənənəvi histoloji müayinə əvəzinə, bu şişi erkən mərhələdə, hətta aşkar simptomlar başlamazdan əvvəl müəyyən etmək üçün yeni üsul təklif ediblər. 

Foodinfo.az xəbər verir ki, bu yenilik "Pharmaceutics" jurnalında dərc olunub.

Məlum olub ki, qlioma insan qanının biokimyəvi tərkibini dəyişir. Şiş və onun hüceyrələri tərəfindən ifraz olunan maddələr qan dövranına daxil olur və bütün bədənə yayılır. Alimlər tədqiqatlarında bu xüsusiyyətdən istifadə etmək qərarına gəliblər.

Tədqiqatın birinci mərhələsində alimlər glioma üçün xarakterik olan bioloji markerləri araşdırıblar. Daha sonra laboratoriya siçovulların üzərində təcrübələr apararaq, onlara insan qlioblastoma hüceyrələrini yeridiblər və müntəzəm olaraq analiz üçün qan götürüblər.

Raman spektroskopiyasından istifadə edərək alimlər gəmiricilərin qanında qlioma markerlərini müəyyən etməyə imkan verən xüsusi tezliklər tapıblar. Daha sonra tədqiqatçılar neyron şəbəkəni öyrətmək üçün istifadə etdikləri məlumat kitabxanasını yaradıblar. Bu, analiz prosesini avtomatlaşdırıb və bədxassəli şişlər xüsusi kimyəvi birləşmələr ifraz etdiyindən, digər xərçəng növlərinin diaqnostikasında da istifadə oluna bilər.

Fərid