Peyvəndlənmə övladlarımızın həyat sığortasıdır. Əgər azyaşlılar qızılcaya yoluxsalar belə, peyvənd olunublarsa, onu rahat keçirməklə sağala bilərlər.

Foodinfo.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Turan İbrahimova bildirib ki, qızılca peyvəndinə əks–göstəriş halları da var. Qızılcaya qarşı vurulan peyvənd canlı peyvənddir. Bu peyvənd hamilələr və immun spesifik halları olan şəxslər üçün əks-göstərişdir. Həmçinin peyvəndin hər hansı komponentinə qarşı həssaslıq varsa, bu da əks-göstəriş hesab olunur.

Qızılcanın yoluxduruculuğu yüksəkdir. Bu virus aerozollar vasitəsilə ətraf mühitə yayılır. 2 saat müddətində havada qalaraq digərlərini yoluxdura bilər. Uşaqlıq dövründə xəstəliyi keçirməyənlər yetkin yaşlarda da onu keçirə bilər”, - deyə T. İbrahimova vurğulayıb.

Onun sözlərinə görə, ağırlaşması olmayan xəstələr evdə müalicə olunmaqla xəstəlikdən sağala bilirlər.

"Ağırlaşma riski olduqda, yəni qızdırma təkrar pik həddə çatdıqda mütləq ailə həkimləri ilə əlaqə saxlanılmalıdır. Belə halda xəstə tibb müəssisəsində stasionar qaydada müalicə olunmalıdır.

Biz ağırlaşmaları həm uşaqlarda, həm də böyüklərdə görə bilərik. İmmun sistemi zəif olan şəxslər və hamilə qadınlar riski qrupundadılar. Ağırlaşma hallarını pnevmoniya və orta qulağın iltihabı hallarında görürük", - deyə həkim bildirib.