Bir qədəh şərabın zərərli olmadığı, hətta sağlamlıq üçün faydalı olduğu barədə mif hələ də yaşamaqdadır.
Lakin Foodinfo.az-ın məlumatına görə, Jama Network Open-ın yeni araşdırması bunun əksini sübut edir və yaşlı insanlarda alkoqolun az miqdarda belə, xərçəng riskini artırdığını göstərir.
Madrid Universitetinin dosenti Rosario Ortolanın rəhbərlik etdiyi qrup alkoqoldan istifadə edən 60 yaşdan yuxarı təxminən 135 000 nəfərin 12 il ərzində sağlamlıq vəziyyətini izləyərək təhlil edib. Tədqiqatçılar iştirakçıların vərdişlərini müxtəlif səviyyələrə ayırıblar: “bəzən içən”, “aşağı risk”, “orta risk” və “yüksək risk”.
Ən yüksək kateqoriyadan olanlar (gündə 40 qramdan çox alkoqol istifadə edən kişilər və gündə 20 qramdan çox içən qadınlar) ən qeyri-sağlam yaşayanlar olub, onlarda xərçəng və ya ürək-damar xəstəliklərindən ölüm halı daha çox qeydə alınıb. Bu qrupda ümumiyyətlə ölüm nisbəti digər qruplardan daha yüksəkdir.
"Aşağı risk" qrupundakılarda da "bəzən" içənlərə nisbətən daha çox insan xərçəngdən dünyasını dəyişib. Bu kateqoriyaya daxil olan kişilər gündə orta hesabla 3-20 qram, qadınlar isə - təxminən 3-10 qram alkoqol istehlak ediblər. Müqayisə üçün bildirək ki, 0,3 litr pivədə və 0,125 şərabda təxminən 10-12 qram alkoqol var.
"Alkoqol xərçəng riskini "ilk damladan" artırır", - deyə Ortola vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda Kanadanın Viktoriya Universitetinin tədqiqat qrupu da oxşar nəticəyə gəlib. Onların fikrincə, alkoqol az miqdarda belə, sağlamlığa zərərlidir.