Son illər psixoloqların diqqət çəkdiyi davranış pozuntularından biri də dırnaq yemək vərdişidir. Sadə və zərərsiz görünən bu alışqanlıq əslində insanın psixoloji vəziyyəti ilə bağlı ciddi mesajlar verə bilər.

Foodinfo.az xəbər verir ki, dırnaq yemək təkcə estetik problem deyil, həm də daxili gərginliyin göstəricisidir.

Psixoloji tədqiqatlara əsasən, dırnaq yemək ən çox stress, həyəcan və emosional təzyiq zamanı ortaya çıxır. İnsanlar gərgin olduqda bu davranış onlara müvəqqəti rahatlama hissi verir. Lakin bu, problemin kökünü aradan qaldırmır.

Dırnaq yemək əsasən anksiyete pozuntusu, diqqət çatışmazlığı və hiperaktivlik sindromu (DEHB), obsesiv-kompulsiv meyillər və özünə inamın aşağı olması ilə əlaqələndirilir. Xüsusilə uşaqlarda və yeniyetmələrdə bu vərdiş emosional gərginliyin açıq əlaməti hesab olunur.

Həkimlər xəbərdarlıq edir ki, dırnaq yemək infeksiyalara yol aça bilər. Dırnaq altlarında toplanan mikroblar ağız boşluğuna keçərək mədə-bağırsaq problemləri yarada, dişlərə və diş ətlərinə zərər verə bilər. Bundan əlavə, dırnaq ətrafı dərinin zədələnməsi iltihab riskini artırır.

Psixoloqlar dırnaq yeməyin qarşısını almaq üçün ilk növbədə stress mənbəyinin müəyyənləşdirilməsini tövsiyə edirlər. İdman, nəfəs məşqləri, əlləri məşğul saxlayan vasitələr və dırnaqlara acı lakların çəkilməsi müsbət nəticə verə bilər. Davamlı və nəzarətsiz hallarda isə mütəxəssis dəstəyi vacib sayılır.

Dırnaq yemək bədənin və psixikanın verdiyi bir siqnal ola bilər. Bu vərdişi sadəcə pis alışqanlıq kimi qiymətləndirmək əvəzinə, onun arxasında duran səbəblərə diqqət yetirmək sağlamlıq baxımından daha düzgün yanaşma hesab olunur.