Yeni il bayramları dövründə bol süfrələr və uzun məclislər diş sağlamlığı üçün əlavə risklər yarada bilər. Foodinfo.az Championat-a istinadən xəbər verir ki, Eurokappa Clinic-in ortodontiya şöbəsinin rəhbəri Viktoriya Radko bayram günlərində dişlərlə bağlı müraciətlərin artdığını bildirib. Onun sözlərinə görə, bu dövrdə diş minasının qopması və köhnə plombaların düşməsi kimi kəskin problemlər daha tez-tez qeydə alınır.

Mütəxəssis əsas səbəb kimi bayram süfrəsində yer alan qidaları göstərib. Qoz-fındıq, karamel, sərt ət növləri və quru meyvələr dişlər üçün yüksək yük yaradır. Əgər diş minası zəifləyibsə və ya plomb köhnədirsə, təkcə bir uğursuz dişləmə belə zədələnmə ilə nəticələnə bilər.

Həkimin sözlərinə görə, bayram günlərində yeməklər arasındakı fasilələrin demək olar ki, olmaması diş minasının bərpa olunmasına imkan vermir. Bu da dişləri zədələrə daha həssas edir. Uzun sürən məclislər zamanı şirin qidaların spirtli içkilərlə birlikdə qəbulu ağız boşluğunda turşuluğu artıraraq diş minasının təbii möhkəmlənmə prosesini pozur.

Xüsusi risk yaradan içkilər sırasında köpüklü və ağ şərablar qeyd olunur. Bildirilib ki, bu içkilərin turşuluq səviyyəsi diş minasını yumşaldır, spirt isə tüpürcək ifrazını azaldaraq dişlərin təbii qoruyucu mexanizmini zəiflədir. Belə şəraitdə adi çeynəmə hərəkəti belə dişlər üçün travmatik ola bilər.

Mütəxəssis breket, vinir və tacı olan pasiyentlərin də risk qrupunda olduğunu vurğulayıb. Sərt qidalar bu konstruksiyaların qopmasına və ya zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, dişlərdən butulka və ya qablaşdırma açmaq üçün istifadə edilməsi bayram günlərində tez-tez rast gəlinən və ciddi travmalarla nəticələnən vərdişlərdəndir.

Riskləri azaltmaq üçün həkim yumşaq qidalara üstünlük verməyi, isti və soyuq qidaların kəskin növbələşməsindən qaçmağı, səfərlərdə belə ağız gigiyenasına riayət etməyi tövsiyə edib. O, həmçinin içkiləri dişlə açmaqdan qəti şəkildə uzaq durmağın vacibliyini qeyd edib.

Viktoriya Radkonun sözlərinə görə, bayramlardan əvvəl aparılan profilaktik müayinə artıq yükə tab gətirməyən plomb və bərpaların vaxtında aşkarlanmasına kömək edir. Mütəxəssis vurğulayıb ki, hər hansı zədələnmə baş verərsə, həkimə müraciəti gecikdirmək olmaz, çünki kiçik bir qopma belə sonradan daha ciddi fəsadlara yol aça bilər. Vaxtında diaqnostika dişin qorunmasına və uzunmüddətli müalicədən yayınmağa imkan verir.