Sağlam qidalanma trendinin ön sıralarında yer alan çia toxumu faydaları ilə yanaşı, düzgün istifadə edilmədikdə müəyyən sağlamlıq riskləri də yarada bilər. Çia toxumlarının nəzarətsiz və həddindən artıq istehlakı bir sıra yan təsirlərlə nəticələnə bilər.

Foodinfo.az xəbər verir ki, çia toxumu yüksək lif tərkibinə malikdir. Bu xüsusiyyət bağırsaqlar üçün faydalı olsa da, çox miqdarda qəbul edildikdə şişkinlik, qaz, qarın ağrısı və ishal kimi həzm problemlərinə səbəb ola bilər. Xüsusilə lifə öyrəşməmiş şəxslərdə bu təsirlər daha qabarıq şəkildə özünü göstərir.

Ən ciddi risklərdən birinin boğulma təhlükəsi olduğu vurğulanır. Quru çia toxumu maye ilə təmasda həcmini bir neçə dəfə artırır. Quru halda udulduqda boğazda şişərək tıxanma və nəfəs darlığı yarada bilər. Bu səbəbdən çia toxumunun mütləq əvvəlcədən isladılaraq istifadə edilməsi tövsiyə olunur.

Digər tərəfdən, çia toxumlarının omeqa-3 ilə zəngin olması qan durulaşdırıcı təsir göstərə bilər. Qan durulaşdırıcı dərmanlar qəbul edən şəxslərdə bu vəziyyət qanaxma riskini artıra bilər. 

Eyni zamanda, şəkərsalıcı təsiri səbəbindən diabet dərmanları ilə birlikdə istifadə edildikdə qan şəkərinin həddindən artıq düşməsi ehtimalı yaranır.

Nadir hallarda da olsa, çia toxumlarına qarşı allergik reaksiyalar qeydə alınır. Dəri səpgiləri, qaşınma və nəfəs darlığı bu əlamətlər arasında yer alır. Bundan əlavə, çia toxumunun tərkibindəki fitat maddələri uzunmüddətli və həddindən artıq istehlak zamanı bəzi mineralların sorulmasını azalda bilər.

Çia toxumu gündəlik rasionda ölçülü şəkildə – maksimum 1–2 xörək qaşığı miqdarında və mütləq isladılaraq istifadə edilsin. Xroniki xəstəliyi olan, hamilə və ya müntəzəm dərman qəbul edən şəxslərin isə çia toxumunu rasiona daxil etməzdən əvvəl həkimlə məsləhətləşməsi vacibdir.

Çia toxumu düzgün istifadə edildikdə faydalı qida hesab olunsa da, nəzarətsiz və yanlış istehlak sağlamlıq üçün risk yarada bilər.