Bir çox insan çömbəlmə zamanı dizlərdə xırtıltı səsi eşidir və bunun təhlükəli olub-olmadığını düşünür. Bu hal bəzi hallarda normal sayılsa da, bəzən ciddi problemlərin əlaməti ola bilər.
Foodinfo.az “Çempionat” saytına istinadla xəbər verir ki, travmatoloq-ortoped Mixail Bolotnikov dizdə yaranan xırtıltının çox vaxt patoloji olmadığını bildirib. Onun sözlərinə görə, bu səs adətən sinovial mayedəki qaz qabarcıqlarının partlaması – yəni fizioloji proses nəticəsində yaranır və ağrısız olduqda narahatlıq doğurmur.
Lakin bəzi hallarda diqqətli olmaq vacibdir. Əgər xırtıltı “qar üstündə yerimə” səsinə bənzəyirsə və ağrı və ya diskomfortla müşayiət olunursa, bu artıq problem siqnalı hesab olunur. Bu cür əlamətlər oynaq qığırdağının zədələnməsinə işarə edə bilər.
Mütəxəssis belə vəziyyətdə məşqləri dayandırmağı və həkimə müraciət etməyi tövsiyə edir. Dəqiq diaqnoz üçün isə MRT müayinəsi ən etibarlı üsullardan biri hesab olunur.
Nəticə olaraq, ağrısız və təsadüfi xırtıltı adətən təhlükəli deyil, lakin ağrı ilə birlikdə yaranan səslər mütləq diqqət tələb edir.






