TSH - tiroid stimullaşdırıcı hormon, beyinin aşağısında hipofiz adlanan vəz tərəfindən ifraz olunur. TSH qalxanabənzər vəzdə yerləşən reseptorlarla birləşərək onu stimullaşdırır, tiroksin (T4) və triyodtironin (T3) hormonlarının qana ifrazını təmin edir.

 Foodinfo.az "Medicina"ya istinadən xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının onkoloqu Süleyman Musayev TSH barədə ətraflı məlumat verib.

"TSH, hipotalamusdan gələn tireotrop relizinq hormon(TRH) ilə requlyasiya olunaraq qalxanabənzər vəzi hormonlarının stabil şəkildə qana ifraz olunmasını təmin edir".

Qalxanabənzər vəzi hormonları qanda yüksəldikdə, hipofiz vəzi daha az TSH ifraz edir və buna bağlı olaraq T3 və T4 ifrazı da azalır:

Bu 3 orqan (hipotalamus, hipofiz və qalxanabənzər vəz) normal işlədikdə, tiroid hormonların miqdarı qanda nisbətən stabil olur.

TSH səviyyələri gün ərzində müəyyən ritmdə dəyişir. Sağlamlıq problemi olmayan şəxslərdə yuxu vaxtına yaxın yüksəlməyə başlayır və səhər erkən saatlarında maksimum səviyyəsinə çatır. Növbəti saatlarda enməyə başlayan TSH səviyyəsi günorta saatlarında minimum səviyyəyə çatır".