
Ultra işlənmiş qidalar tərkibində təbii maddələrdən çox kimyəvi qatqılar, emal olunmuş şəkərlər, trans yağlar və dadlandırıcılar olan hazır məhsullardır. Bu tip qidalar sənaye şəraitində hazırlanır və onların tərkibi təbiətdə rast gəlinməyən maddələrlə doludur.
Bəs, ultra işlənmiş qidalar nəyə görə bu qədər zərərlidir?
Foodinfo.az xəbər verir ki, ultra işlənmiş qidalarda əlavə şəkər və natrium miqdarı çox yüksəkdir, bu da insulin müqaviməti, diabet, yüksək təzyiq və ürək xəstəliklərinə səbəb ola bilər.
Belə qidalar trans yağlar və doymuş yağlarla zəngindir. Bu yağ növləri pis xolesterolu (LDL) artırır, yaxşı xolesterolu (HDL) azaldır. Nəticədə damar tutulmaları və infarkt riski artır.
Bu qidalar liflə zəngin olmur, yəni toxluq hissi az verir və daha çox yeməyə səbəb olur. Bu da çəki artımı və piylənmə ilə nəticələnir.
Süni qatqılar və qoruyucu maddələr bağırsaqlardakı faydalı bakteriyaları məhv edir, bu da həzm problemlərinə və immun zəifliyinə yol açır.
Tərkibindəki dad artırıcılar (məsələn, monosodyum glutamat - Çin duzu) və şəkər beyində mükafat sistemini stimullaşdıraraq psixoloji asılılıq yaradır.
Araşdırmalar göstərir ki, ultra işlənmiş qidaları mütəmadi qəbul edən insanlarda xərçəng, xüsusilə yoğun bağırsaq xərçəngi riski daha yüksəkdir.