
Yuxu keyfiyyəti yalnız günün yorğunluğundan deyil, gecə yatmazdan əvvəl qəbul edilən qidalardan da asılıdır. Foodinfo.az bildirir ki, bəzi qidalar melatonin və triptofan tərkibli olduqları üçün orqanizmi sakitləşdirir və yuxuya getməni asanlaşdırır.
Avstriyalı dietoloq Eva Fischer “Health Europa” platformasına açıqlamasında qeyd edir ki, banan, badam, yulaf və bal kimi məhsullar sinir sistemini rahatlaşdırmaq üçün əla seçimdir. Onun sözlərinə görə, bu məhsullar təkcə yuxuya getməyi asanlaşdırmır, həm də yuxunun daha dərin olmasına şərait yaradır.
Medical News Today-də yayımlanan məlumatda da vurğulanır ki, yatmazdan əvvəl qəbul edilən az miqdarda yulaf və ya azduzlu pendir serotonin hormonunun istehsalını artıraraq psixoloji gərginliyi azaldır.
Mütəxəssislər qeyd edir ki, kofein və şəkərli məhsullardan isə axşam saatlarında uzaq durmaq vacibdir. Bunun əvəzinə bir stəkan isti südlə bal qarışdırmaq və ya bir ovuc badam yemək, həm həzmi yüngülləşdirir, həm də yuxu keyfiyyətini artırır.
Qidalanma ilə bağlı bu cür sadə seçimlər, xüsusən də gərgin günlərdən sonra bədəni və beyni istirahətə hazırlamaq baxımından olduqca təsirlidir.