Son vaxtlar hicama üsulu ilə müalicəyə maraq göstərənlərin sayı xeyli artıb. Hicamanın insan sağlamlığı üçün xeyirli olduğu deyilir, həkimlər isə onu qəti şəkildə inkar etməsələr də, müalicə gözləməyin doğru olmadığı qənaətindədirlər.
Hicama əslində qan alma, bədəndə olan çirkli toksik qanın xaric olması deməkdir. Bir çox vacib xəstəliklərlə əlaqədar prosedurlardan biridir. Hicama şəkərli diabet, hipertoniya, revmatizm, sinir sistemi ilə əlaqədar yuxusuzluq, başda və gözdə olan ağrılar zamanı səmərəli rol oynayır. Onkoloji xəstələrə isə həmin prosedur yalnız həkim məsləhəti ilə aparıla bilər.
Prosedurdan əvvəl həkim müayinəsi aparılması lazımdır. Hicama baş, boyun, kürək, bel, ayaq və qol nahiyələrinə edilir. Prosedurdan sonra yaraya su dəyməməlidir və soyuğa vermək olmaz.
Foodinfo.az xəbər verir ki, həkim-terapevt Zakir Quliyev bununla əlaqədar deyib: “Hicamadan müalicə gözləmək düzgün deyil, ondan dəstəkləyici müalicə kimi yararlanmaq olar və yalnız həkim göstərişi ilə edilməlidir. Çox təəssüflər olsun ki, hicamanın uyğun olmayan şəraitdə və istifadə olunan alətlərin dəyişdirilmədən, yaxud da dezinfeksiya edilmədən aparılma halları olur. Belə olanda qanla keçən infeksion xəstəliklərin sayında artım müşahidə edilir və onun bir xəstədən digərinə keçmək ehtimalı çox yüksək olur”.
Həkim-terapevt onu da qeyd edib ki, hipertoniya xəstələri təzyiqi nizamlamaq üçün hicama olunmaqdansa, donor kimi qan versələr daha məsləhətli olar. O, onkoloji xəstələrin hicama etdirməsi barədə deyib: “Onların bədəni demək olar ki, zəifləmiş olur, immun sistemi zəifləyir və yaxud da laxtalanma problemləri ola bilər. Məsələn, xəstə kimyaterapiya alırsa, həmin prosedurdan sonra trombositlərin miqdarı azalır, nəticədə qanın laxtalanması zəifləyir. İkincisi, immun sistemi zəiflədiyindən infeksiyaya yoluxmaq riski artır”.
Belə bir deyim var: “Əsl dost sağlamlıq kimidir, dəyəri itirildikdən sonra bilinir. Ona görə də sağlamlığın qeydinə qalmaq və onu əsl peşəkarlara etibar etmək lazımdır.