İranda son iki ayda saxta spirtli içkilərdən 3 117 nəfər zəhərlənib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, onların 1 066 nəfəri xəstəxanalarda yatırılıb. Xəstəxanalarda yatırılanların 73 nəfəri reanimasiya şöbəsindədir. Cahanpur əlavə edib ki, 62 nəfər görmə qabiliyyətini itirib, 284 nəfər isə dializ olunub. Nazirlik rəsmisi 320 nəfərin saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində öldüyünü bildirib.
Qeyd edək ki, İranda spirtli içkilərin koronavirusla mübarizədə effektiv olması ilə əlaqədar şayiələr yayılıb. Əlavə edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (31 mart) 44 606 nəfərin koronavirusa yoluxduğunu, 2 898 nəfərin öldüyünü və 14 656 nəfərin sağaldığını təsdiqləyib.