
Son vaxtlar arıqlamaq istəyənlərin arasında kəskin ac qalmaq trend halını almağa başlayıb. Foodinfo.az xəbər verir ki, bu metod sağlamlıq üçün ciddi risklər daşıyır və uzun müddətli tətbiq immun sistemini zəiflədərək bədənin xəstəliklərə qarşı müqavimətini azaldır.
Bədən üçün zəruri enerji mənbələri çatmadıqda orqanizm zəifləyir, bu isə virus və infeksiyalara qarşı həssaslığı artırır. Kəskin aclıq əzələ toxumalarının parçalanmasına səbəb olaraq maddələr mübadiləsini ləngidir və fiziki gücün azalmasına gətirib çıxarır. Bu proses bədənin ümumi tonusunu aşağı salır və sağlamlıq problemlərinə yol açır.
Bundan əlavə, uzun müddət ac qalmaq mədədə turşuluğun artmasına səbəb ola bilər ki, bu da mədə divarlarında zədələnmə və hətta mədə xorası kimi ciddi problemlərə gətirib çıxara bilər.
Sağlam arıqlama və ümumi rifah üçün mütəxəssislər az-az və tez-tez yemək prinsipini tətbiq etməyi tövsiyə edirlər. Belə qidalanma bədənin enerji ehtiyacını fasiləsiz qarşılamağa və metabolizmin balansda qalmasına imkan verir.
Eyni zamanda, menyuda protein, lif və sağlam yağlarla zəngin qidaların olması orqanizmin əsas ehtiyaclarının təmin edilməsini təmin edir. Bu qidalar əzələ kütləsini qoruyur, toxluq hissi yaradır və immun sistemini gücləndirir.
Arıqlama prosesində əsas məqsəd balans və davamlılıqdır. Sürətli nəticələrə can atmaq əvəzinə, sağlam və uzunmüddətli vərdişlər formalaşdırmaq, orqanizmin bərpa qabiliyyətini qorumaq çox vacibdir.