
Yay fəslinin yüksək temperaturu insan orqanizminə ciddi təsir göstərərək, əhəmiyyətli dərəcədə su itkisinə səbəb olur.
Foodinfo.az xəbər verir ki, bu dövrdə bədən əsasən tər vasitəsilə maye itirir, və bu yükün böyük hissəsi dərinin və böyrəklərin üzərinə düşür.
Su ilə birlikdə, bədəndən vacib elektrolitlər – xüsusilə natrium və kalium da itirilir. Bu isə öz növbəsində, halsızlıq, başgicəllənmə və əzələ spazmları kimi narahatlıqlara gətirib çıxara bilər. Mütəxəssislər yay aylarında sağlamlığın qorunması üçün gündə 2-2.5 litr su içməyi məsləhət görürlər.
Bədən bəzən susuzluq siqnalını gec verə bilər, ona görə də susuzluq hissi yaranmadan əvvəl vaxtında maye qəbul etmək vacibdir. Su mənbəyi təkcə içki deyil, həm də meyvə və tərəvəzlərdir. Xüsusilə yay mövsümünün dadlı məhsulları olan qarpız, xiyar və pomidor bədənə lazım olan mayeni təmin etməklə yanaşı, vitamin ehtiyatını da artırır, orqanizmin susuz qalmasının qarşısını alır.
Beləliklə, yayda bədənin su və elektrolit balansını qorumaq üçün vaxtında maye qəbul etmək, təbii su mənbələrinə üstünlük vermək sağlamlığın əsas şərtlərindən biridir.