
Son illərdə sağlam qidalanma və təbii əlavələrə maraq artdıqca, kətan toxumu qadın sağlamlığı üçün ən çox tövsiyə edilən qidalar sırasında yer almaqdadır.
Foodinfo.az xəbər verir ki, bu kiçik toxumlar tərkibindəki omeqa-3 yağ turşuları, lignanlar və antioksidantlarla qadın orqanizminin bir sıra funksiyalarını dəstəkləyir və hormonal tarazlığın qorunmasına kömək edir.
Xüsusilə hormonal pozğunluq, menstruasiya dövründə ağrılar və menopauza ilə bağlı narahatlıqlar yaşayan qadınlar üçün kətan toxumu əsl təbii vasitə sayılır. ABŞ-da aparılan bir neçə elmi araşdırmada göstərilir ki, gündəlik kətan toxumu qəbulu menstruasiya zamanı yaranan ağrını azaldır, habelə menopauza dövründəki istiotbasma (hot flash) kimi əlamətləri yüngülləşdirir.
Kətan toxumu eyni zamanda xərçəng əleyhinə təsirə malik lignan maddələri ilə zəngindir. Bu maddələrin xüsusilə döş xərçəngi riskini azaltdığı elmi tədqiqatlarla təsdiqlənib. Bundan başqa, tərkibindəki bol miqdarda bitki lifləri bağırsaq fəaliyyətini tənzimləyir, qəbizlik və həzmsizlik problemini aradan qaldırır, toxluq hissini artırır və arıqlamaq istəyənlər üçün böyük dəstək olur.
Antioksidant təsiri sayəsində kətan toxumu dəri sağlamlığı üçün də əvəzolunmazdır. O, dərinin elastikliyini qoruyur, cavan və parlaq görünməsini dəstəkləyir, eyni zamanda iltihablı dəri problemlərinin azalmasına kömək edir. Ürək-damar sisteminə də müsbət təsir göstərən bu toxum xolesterolu tənzimləyir və qan dövranını yaxşılaşdırır.
Mütəxəssislər qeyd edir ki, günə 1-2 çay qaşığı təzə üyüdülmüş kətan toxumu ilə başlamaq kifayətdir. Onu yoqurt, smuzi, sıyıq və ya salatlara əlavə etmək mümkündür. Əsas şərt toxumun üyüdülmüş formada istifadəsidir, çünki bütöv toxumlar bəzən orqanizm tərəfindən tam mənimsənilmir.