
Daimi stres, yuxusuzluq və sinir gərginliyi müasir insanın əsas problemləri sırasında yer alır. Bu problemlərin qarşısını almaqda isə təbii qidaların rolu əvəzolunmazdır.
Foodinfo.az xəbər verir ki, xurma tərkibindəki maqnezium, kalium və B6 vitamini sayəsində əsəbləri sakitləşdirən, beyinə rahatlıq bəxş edən təbii vasitələrdən biridir.
Mütəxəssislər vurğulayırlar ki, gündə 2-3 ədəd xurma qəbul etmək stresli günlərdə orqanizmin balansını qoruyur, serotonin və melatonin səviyyəsini tənzimləyir. Bu meyvənin tərkibindəki təhlükəsiz və təbii şəkərlər həm beyinə enerji verir, həm də yorğunluğu aradan qaldırır. Eyni zamanda, xurma yuxu keyfiyyətini yaxşılaşdırır, gecə narahatlığını azaldır və sinir sisteminə sakitləşdirici təsir göstərir.
Alimlərin apardığı araşdırmalar xurmanın beyin fəaliyyətini dəstəkləyən ən güclü meyvələrdən biri olduğunu ortaya qoyur. O, yaddaşı gücləndirir, diqqət dağınıqlığını azaldır və zehni fəaliyyətə müsbət təsir göstərir. Bundan başqa, yüksək dəmir tərkibi ilə qanazlığı yaşayan insanlar üçün də faydalı hesab olunur.
Xurmanın tərkibindəki qida lifləri həzm sistemini tənzimləyir, xüsusilə bağırsaq fəaliyyətini normallaşdıraraq qəbizlik və digər həzm problemlərinin qarşısını alır. Təbii və qatqısız olması onu uşaq menyusunda da təhlükəsiz seçimə çevirir. Lakin diabet xəstələri üçün xurmanın istifadəsi miqdara görə nəzarətli olmalıdır, çünki yüksək təbii şəkər ehtiva edir.