Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejimi elan olunandan sonra marketlərin rəflərində ərzaq və qeyri-ərzaq məhsullarının miqdarı hər kəsi düşündürən vacib amillərdən biri olub. Hətta bir neçə gün əvvəl sosial şəbəkə istifadəçiləri tərəfindən insanların marketlərə axışdığını, mağazalarda böyük sıxlıq və rəflərdə məhsulların bitməsi ilə bağlı fotolar da yayanlar oldu. Sonradan məlum oldu ki, həmin fotolar hansısa xarici ölkədə çəkilib. Biz isə Bakı şəhəri ərazisində fəaliyyət göstərən marketlərdə çəkilişlər aparıb real vəziyyəti izləyicilərə təqdim edirik. Çəkiliş aparan zaman müşahidə etdiklərimiz isə bir daha sübut etdi ki, Azərbaycanda ərzaq qıtlığından söhbət belə gedə bilməz. Əksinə, marketlərin rəflərində olan kənd təsərrüfatı, ərzaq və qeyri-ərzaq məhsullarının bolluğu bir yana, bütün məhsullar endirimli qiymətlərlə və hədiyyəli şəkildə müştərilərə təklif olunurdu.