Alimlər mədə xərçənginin yaranma səbəbləri ilə bağlı cəmiyyətdə uzun müddətdir dolaşan bir fikrin doğru olmadığını açıqlayıblar. Yeni araşdırmaya görə, mədə turşusunu azaldan və qıcqırma ilə xoranın müalicəsində istifadə edilən dərmanların uzunmüddətli qəbulu mədə xərçəngi riskini artırmır. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, Şimali Avropanın aparıcı ali məktəblərindən olan alimlər bu nəticəyə genişmiqyaslı elmi təhlildən sonra gəliblər.

Tədqiqat çərçivəsində 17 mindən çox mədə xərçəngi diaqnozu qoyulmuş xəstə və təxminən 172 min sağlam insanın tibbi məlumatları müqayisə olunub. Araşdırmada iştirak edən şəxslər yaş, cins və digər əsas göstəricilər üzrə uyğunlaşdırılıb. Alimlər xüsusilə mədə turşusunu azaldan dərmanların nə qədər müddət istifadə olunmasına diqqət yetiriblər. Nəticələrin səhv yozulmaması üçün diaqnozdan dərhal əvvəlki dövr ayrıca araşdırmadan kənarda saxlanılıb.

Məlumata görə, bu dərmanlar mədədə turşu ifrazını təmin edən maddələrin fəaliyyətini zəiflədir və beləliklə mədə-bağırsaq sisteminə düşən yük azalır. Daha əvvəl aparılmış bəzi tədqiqatlarda bu cür dərmanların müəyyən hallarda xərçəng riskini artıra biləcəyi iddia olunmuşdu. Lakin yeni araşdırmada mədə bakteriyası, artıq çəki, şəkər xəstəliyi, siqaret və spirtli içki istifadəsi kimi risk amilləri də nəzərə alınıb.

Bütün bu amillər hesablandıqdan sonra dərmanların uzunmüddətli istifadəsi ilə mədə xərçəngi arasında hər hansı əlaqə aşkar edilməyib. Eyni nəticə mədə turşusunu azaldan digər oxşar dərmanlar üçün də əldə olunub. Tədqiqatçılar bildirirlər ki, bu araşdırma müşahidə xarakterlidir və səbəb-nəticə əlaqəsini tam sübut etmir. Bununla belə, geniş məlumat bazası əvvəlki işlərdəki bir çox boşluqları aradan qaldırmağa imkan verib.

Mütəxəssislərin fikrincə, bu nəticələr uzun müddət müalicə alan xəstələrin narahatlığını azaltmalı və həkimlərin daha rahat qərar verməsinə kömək etməlidir.