1990-cı ildə SSRİ Rusiyasında ilk “McDonald's” açılanda Moskvada çəkilmiş məşhur fotolar var, yəqin ki, həmin fotoları zaman-zaman görmüsünüz; rus nizamı, etikası ilə kapitalizmə doğru irəliləyən kütlə... Böyük kütlə - hansı ki, bunca adamın pəpəyə görə sıraya düzülüb gözləməsi indiki baxışla heyrətamizdir.
Oxucumun uzaqgörənliyinə sığınıb iddia edirəm ki, SSRİ-nin süqutunu xəbər verən, bir az da süqutuna səbəb olan hadisənin görüntüsüdür o fotolar...
Foto: 75 il kapitalizmin sayrışan işıqlarından gizlədilən, “ən yaxşısı bizdədir” deyib saman sarısı çəkic-orağın, qan qırmızısı bayrağın işığında bəslənən milyonlar əlini gözünün üstünə qoyub bu sarı-qırmızı parıltıdan özünü qoruya-qoruya kapitalizmin “fast food” pişim-pişiminə doğru gedir...
İki-üç gün əvvəl sözügedən şəbəkənin Rusiyadakı filiallarının bağlanması xəbəri “fast food” revalusiyasının təsdiqi idi.
Necə ki, bir sosialist ölkəyə “McDonald's”sın gəlişi ölkənin məğlubiyyətidir, bir kapitalist ölkədən “McDonald's”ın gedişi də ölkənin məğlubiyyətidir. Bu gəliş-gedişin ortasında bir “fast food”, yəni ayaqüstü qalibiyyəti yəqin ki, görməmiş deyilsiniz.
Pəpə üçün pul önəmli deyilsə, demək o pəpə sənə ta əzəldən pula görə yox, başqa səbəblərdən satılırdı. Əks halda, onu verən, karına gəlməyəndə “mən siyasətə qarışmıram” deyib, lazım olanda da siyasi səbəblərdən ölkəni tərk etməzdi, milyonlarla müştərisinə, ən azından puluna görə xidmətini davam etdirərdi.
Bu 32 il ərzində “McDonald's” oturaq rus vətəndaşını qaldırıb ayaqüstü masanın qarşısına gətirdi, onun əlinə dürmək verib delikates bir mədəniyyətlə tanış etdi, indi isə şişirdilmiş çörəyini də, içindəki əti də qoltuğuna vurub ölkədən gedir. Hələ kolasını, pepsisini demirəm.
Mərhum, məşhur, məsum türk yazıçı Oğuz Atay deyir, ey okucu, ben burdayım, sen nerdesin?
Amma mən elə oxucumun da burada, burnumun qabağında olduğundan əminliklə deyirəm ki, ey oxucu, “McDonald's”ın sadə bir “fast food” restoranlar şəbəkəsi deyil, köklü bir iqtisadi universitet olduğunu sənin də bildiyindən əminəm.
Ona görə də “iki od arasında” böyük mətləblərə burun soxmaqdan iraq qalıb sözümü sona çatdırıram.