Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu yekunlaşıb.
Foodinfo.az xəbər verir ki, üç gün davam edən forumda yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak edib.
Forumda “Medianın gələcəyi: rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və medianın rolu”, “Mediada investisiya və istehlak meylləri”, “Təhlükəsizlik məsələləri” sessiyaları, həmçinin iştirakçılar və məruzəçilər arasında interaktiv müzakirələr aparılıb. Qlobal Forumda həmçinin bir sıra yan tədbirlər, sərgilər və təlimlər keçirilib.
Qeyd edək ki, Şuşa Qlobal Media Forumuna 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Tədbirdə, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib.