“Taxıl müqaviləsi ilə qlobal ərzaq böhranının qarşısı alınıb”. Foodinfo.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Avstriyada yerləşən “APA” xəbər agentliyinin suallarını cavablandırarkən deyib. Qurulmuş mexanizmin indiyə qədər problemsiz işlədiyinə diqqət çəkən Altun bunun onları daha geniş təşəbbüslərə sövq etdiyini söyləyib. F.Altun güclü əlaqələri olan Ukrayna ilə Rusiya arasında diplomatik və sülh yolu ilə həll yolu tapmaq üçün çalışmağa hazır olduqlarını bildirib. Ukraynada atəşkəsin necə əldə oluna biləcəyi ilə bağlı suala isə Altun belə cavab verib: “Təəssüf ki, Ukraynada müharibəni mümkün qədər uzatmağın öz maraqlarına xidmət edəcəyinə inanan bəzi aktyorlar var. Onların arasında NATO müttəfiqlərimiz də var. Biz bu dövlətlərin geosiyasi məqsədlərinə çatmalarının bədəlini Ukrayna xalqına ödətmə fikrinə qarşı çıxırıq. Onlardan fərqli olaraq biz ədalətli sülhün ən yaxşı həll yolu olduğuna inanırıq. Türkiyə hesab edir ki, Ukraynanın müstəqilliyi və suverenliyinin müzakirəyə açılması regionun və dünyanın ziyanına olacaq”.