Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla  təchiz edilib. İnstitutun “Analitik Ekspertiza Mərkəzi”nin nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, laboratoriyaların akkreditasiyadan keçməsi, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, bu dəfə İnstitutun Tovuz Regional Sınaq Laboratoriyasının akkreditasiya sahəsinə daxil olan metodlar üzrə qiymətləndirilməsi aparılaraq Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditə olunub. Belə ki, laboratoriyanın AZS/ISO/IEC 17025:2020 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğunluğu təmin edilib. Bununla yanaşı, Tovuz Regional Sınaq Laboratoriyası İngiltərənin VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən təşkil edilmiş səriştəlilik test proqramlarında da uğurla iştirak edib. Qeyd edək ki, AQTİ-nin nəzdində fəaliyyət göstərən Tovuz Regional Sınaq Laboratoriyası ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Laboratoriyada heyvan və bitki sağlamlığı üzrə patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyəvi-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. [gallery ids="50839,50840,50841"]